Ata-anasının küçəyə atdığı 14 yaşlı Aygünün müsibəti: “Dayım məni zorladı”

 

14 yaşlı Aygün Hüseynovanın (adı dəyişdirilib – red.) anası Tükiyəyə ərə gedib, atası isə yeganə qızını küçəyə atıb. Qız ötən ilin dekabrında polislər tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. Məlum olub ki, azyaşlı dəfələrlə dayısı tərəfindən zorlanıb.

Virtualaz.org saytı Aygünün başına gələnlərlə bağlı ötən ilin dekabrında məlumat vermişdi. Məhkəmə Aygünün qəyyumluğunu anasına versə də, qız atası ilə yaşamaq istəyib.

Təşkilatın rəhbəri Kəmalə Ağazadə deyir ki, Aygün sığınacağa gətirilən gündən özünə qapanıb, digər uşaqlarla ünsiyyətdən çəkinir. Uzun müddətdir onunla psixoloji iş aparılır. “Uşağın dediyinə görə, analığı onu döyüb incidirmiş. Bu barədə atasına məlumat verib, atası isə deyib ki, ona problem lazım deyil. Ata övladına sahib çıxmaq əvəzinə ondan imtina edib”, - Ağazadə virtualaz.org saytına deyib.

Nəhayət, uşaq anasının himayəsində qalmaq istəməməsinin səbəblərini danışıb. “Aygünün ad günü idi, biz də fikirləşdik ki, onu sevindirmək üçün şənlik təşkil edək. Əksinə, özünə qapandı, kövrəldi. Səhəri gün isə mənimlə təklikdə danışmaq istədiyini dedi: “Uşağın sözlərinə görə, uzun müddətdir dayısı tərəfindən zorlanırmış. Dayısı onu inandırıb ki, bu barədə məlumat versə, heç kim ona inanmayacaq, əksinə, əxlaqsızlıqda günahlandıracaqlar. Bu barədə dərhal polisə məlumat verdim”.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb, K.Ağazadənin iştirakı ilə uşaqdan izahat alınıb. “Polis əməkdaşları məsələyə həssas yanaşdılar, hətta qızın psixoloji travma almamasına çalışırdılar. İlkin məlumata görə, hadisə Binəqədi rayonunda olub, dayısı 1993-cü il təvəllüdlüdür. Hələlik uşağın məhz dayısı tərəfindən zorlanıb-zorlanmadığı məlum deyil, amma istintaq təcavüzkarı aşkara çıxaracaq”,- təşkilat rəhbəri deyir.

Ağazadə söyləyir ki, zorlama xəbərləri ilə bağlı məlumatlar veriləndə çox zaman cinayətkar deyil, qurban günahlandırılır: “Axı, nə baş verir, 12-13 yaşlı qızları necə əxlaqsızlıqda günahlandıra bilərlər? Ötən il dəfələrlə belə hadisələrlə rastlaşdıq. Uşaqlara qarşı istər cinsi, istərsə də fiziki zorakılıq edənlərə qarşı ictimai qınaq lazımdır. Valideynlər maarifləndirilməlidir, onların laqeydliyinin günahını uşaqlar ödəməməlidirlər”.

Uşaqlar Birliyinin nəzdindəki sığınacaq təcavüzə və ya işgəncələrə məruz qalan uşaqlar üçün yeganə mərkəzdir. Təşkilat rəhbəri həssas ailələrə nəzarətin gücləndirilməsini təklif edir. “İcra hakimiyyətlərinin nəzdində azyaşlılarla iş üzrə komissiyalar fəaliyyət göstərir. Amma qəyyumluğa verilən uşaqların sonrakı taleyi araşdırılmır, çünki sosial işçilərin sayı azdır. Buna görə də, sosial institutun yaradılmasını təklif edirik, həssas ailələrlə işləyən peşəkarların sayı artırılmalıdır. Nəzarət güclənmədikcə qurbanların sayı çox olacaq. Valideyn məsuliyyətini tənzimləyən qanunlar var, uşaqlarını nəzarətsiz qoyan ata-analar sərt cəzalandırılmalıdırlar”, - Ağazadə əlavə edib.

Qeyd edək ki, 14 yaşlı Aygünün psixi durumu hazırda ağırdır, onunla iş aparılır. шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →