e39.jpg
Prezidentin imzaladığı fərmanla “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də bir sıra detallar açıqlanıb.

 

Layihə icbari tibbi sığortanın həyata keçirilməsi qaydasını, müddətini, baza zərfinə daxil olan tibbi xidmətlərin dairəsini və tariflərini, sığorta ödənişi metodlarını və pilot layihə ilə bağlı digər məsələləri tənzimləyir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış Azərbaycan vətəndaşları, yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər sığorta olunacaq. İcbari tibbi sığorta ödənişi sığorta olunanlara tibbi xidmətlərin göstərilməsi müqabilində baza zərfində qeyd olunmuş tariflərə uyğun olaraq tibb təchizatçısına ödənilən maliyyə kompensasiyasıdır. Adambaşı sığorta ödənişi metodu ilkin səhiyyə xidməti göstərən tibb təchizatçısına təhkim olunmuş şəxslərin sayına görə və baza zərfinə daxil olan tibbi xidmətlər üçün müəyyən edilmiş tarifə əsasən həmin tibb təchizatçısına maliyyə vəsaitinin ödənilməsi (təhkim olunmuş şəxslərə tibbi xidmətin göstərilib göstərilməməsindən asılı olmayaraq) deməkdir.

Agentlik sığorta ödənişinin verilməsindən sığorta tələbi baza zərfinə daxil olmayan tibbi xidmət ilə bağlı olduqda, sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda, sığorta hadisəsinin baş vermədiyi aşkar edildikdə imtina edir.

Pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisinə şamil olunur, 2017-ci il 1 yanvar tarixində başlayır və 2018-ci il 1 fevral tarixində başa çatır. Tibb təchizatçılarının vəzifələri sırasına azadolma nəzərə alınmaqla, sığorta olunanlara baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlər göstərmək, tibb işçisinin təqsiri üzündən şəxslərin sağlamlığına dəymiş zərərin əvəzini ödəmək, ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb təchizatçısı tərəfindən sığorta olunanları bu xidməti göstərən və Agentliklə müqavilə bağlamış digər tibb təchizatçısına göndərməkdir. Sığorta ödənişi ilkin səhiyyə xidməti, TTTY, ambulator və stasionar tibbi xidmət üzrə sığorta ödənişinin məbləği və ödənilmə şərtləri pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarından (adambaşı sığorta ödənişi metodu və xidmətə görə sığorta ödənişi metodu ) istifadə etməklə Agentlik və tibb təchizatçısı arasında bağlanan müqavilə ilə müəyyən edilir.

İlkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısı yalnız ona təhkim olunmuş sığorta olunanlara xidmət göstərir. Sığorta olunanlar ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısını ildə 2 dəfədən çox olmamaq şərtilə Agentliyə müraciət etməklə həmin ərazidə fəaliyyət göstərən digər tibb təchizatçısı ilə əvəz edə bilər. TTTY stasionar qaydada tibb təchizatçısının yerləşdiyi inzibati binada və ya çağırış üzrə fəaliyyət göstərir. Sığorta olunanların baza zərfi çərçivəsində ambulator tibbi xidmətlərdən istifadəsinə yalnız ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir. Sığorta olunanların baza zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə ambulator tibbi xidmət, ilkin səhiyyə, TTTY sahəsində fəaliyyət göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir. Sığorta olunanlar ambulator və stasionar tibbi xidmətlərdən göndərişsiz istifadə etmək istədikdə, pilot layihə ilə nəzərdə tutulmuş azadolma məbləğini ödəməlidirlər. Baza zərfinə daxil olan stasionar tibbi xidmətlər Agentlik tərəfindən müəyyən edilmiş növbəlilik qaydasında göstərilir.

İlkin səhiyyə xidmətinin göndərişi olmadan ambulator tibbi xidmət üçün birbaşa müraciət edilən hallarda sığorta olunan hər müraciət üçün 3 manat həcmində azadolma məbləği ödəməlidir. Sığorta olunan kompüter tomoqrafiyası (tam, kontrastlı, kontrastsız və kompüter tomoqrafiyası altında keçiriləcək diaqnostik və müalicəvi müdaxilələr daxil olmaqla) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 10 manat həcmində azadolma məbləği ödəməlidir. Sığorta olunan maqnit rezonans tomoqrafiyası (tam, kontrastlı, kontrastsız) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 20 manat həcmində azadolma məbləği ödəməlidir. Baza zərfinə daxil olan tibb vasitələri istisna olmaqla, digər tibb vasitələrinin qiyməti sığorta olunan tərəfindən ödənilir. Azadolma məbləği sığorta olunan tərəfindən birbaşa tibb təchizatçısına ödənilir.

Publika.az

© 2016 www.pressaz.com - Bütün hüquqlar qorunur.

Tel: +99455 557 15 51
Email:pressaz2013@gmail.com


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.